K i t a b ı n  T a n ı t ı m ı
Allah yolunda fədakarlığın simvolu
QURBAN

Hər Ramazan bayramı bizdən ayrılarkən başqa bir bayramın, yəni Qurban günlərinin müjdəsini də verir eyni zamanda. Ramazan ayında əllərimizi, dillərimizi və bütün bədənimizi Allahın buyurduğu istiqamətdə, Allah üçün sərf edib əvəzində bayram kimi İlahi lütflə mükafatlandırılırıq. Qurban bayramında isə istənildiyi zaman Allah üçün malımızı, canımızı və hər şeyi­mizi fəda edə bilmə cəhdinin mükafatını alırıq.İnsanlığın ilk fərdi Həzrəti Adəmdən (ə.s.) başlayan və qiyamətə qədər bütün möminlərin yerinə yetirməli olduğu bir sədaqət və Allaha təslim olmanın simvoludur Qurban! Digər vaxtlarda hər hansı bir qəssabdan aldığımız bir neçə kiloqramlıq ət Qurban günlərində niyyətlərdəki duruluq və təqva ilə Allaha təqdim olunanda çox  fərqli mənaya yüksəlir. Allah üçün kəsdiyimiz qurbanlarla yeri gələndə Məhbubu-Həqiqi yo­lunda hər şeyimizi fəda edə bilmənin hissini də yaşayırıq. Beləcə, lazım gələndə vətən və müqəddəs dəyərlər uğrunda qurban olmağı öyrənir və öyrədirik.Bildiyimiz kimi Qurban ibadətinin məna və ruhuna uyğun bəzi dini hökmlər həmişə sabit və dəyişməzdir. Buna görə də, Qurbanın mənası, dini hökmləri, növləri, qurban kəsiləcək heyvanlarda tələb olunan şərtlər, qurban kəsmənin şərtləri və s. mövzular dəyişməz, müəyyən qayda və pirinsiplərdən ibarət dəyərlər zənciridir. Bu səbəbdən əlinizdəki kitabda da bəhs olunan mövzular  əksini tapmışdır. Bundan əlavə, Qurbanın uşaq və cəmiyyət psixologiyası ilə bağlı yönləri, hikmətləri, Qurbanla qurulan dostluq körpüləri, Qurbanın səbəb olduğu unudulmaz xatirələr, görkəmli maarifçi Sultan Məcid Qənizadənin bir qurban hekayəsi, çoxlarımızın tanımadığı azərbaycanlı bir İslam aliminin qələmindən “Kövsər” surəsinin təfsiri kitabın məna və əhəmiyyətini daha da artıran mövzulardandır. Allaha yaxınlığın daha fərqli bir şəkildə hiss edildiyi Qurban günlərində Ona və Onun yaratmış olduğu hər şeyə sevgi və səmimiyyətlə yanaşa və yaxınlaşa bilmə duası ilə Qurban bayramınızı təbrik edirik...
ISBN 978-9952-439-30-4
Səhifə 64
Ölçü 20x26.5