|
|
Tərcüməyə ön söz
Allah insanı “yaradılmışların ən şərəflisi” olaraq xəlq etmiş və onun həm dünya, həm də axirətdə xoşbəxt ola bilməsi üçün dinləri göndərmişdir.Bu dinlərin ən sonuncusu və mükəmməli İslamdır. İslamın qayda və prinsiplərinə riayət etmək, insanı yalnız axirətdə deyil, eyni zamanda bu dünyada da müvəffəqiyyətə çatdırır. Bunu bilmək üçün sevimli peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) həyatına baxmaq kifayətdir.İyirmi üç il kimi qısa bir zamanda bədəvi insanlardan dünyanın ən mədəni millətlərinə dərs keçə biləcək müəllimləri yetişdirən Allah Rəsulu (s.ə.s.) insanların həm qəlbinə, həm də məntiqinə xitab etmişdir.
İnsanın hər iki dünyadakı səadətini hədəfləyən İslam “kimsən?”, “haradan gəlirsən?” və “hara gedirsən?” kimi əhəmiyyətli suallara cavab verməkdədir. Amma insanın xəyalı sərhədsiz olduğuna görə O, bu sualların cavabları ilə qane olmur, bütün şübhə və tərəddüdlərinə İslamın hərtərəfli cavab verməsini istəyir. Bu şübhə və tərəddüdlər həm “səadət əsri”ndə, həm də günümüzdə dilə gətirilməkdədir. Bu əsərin ərsəyə gəlməsinin əsas səbəbi də məhz bu şübhə və tərəddüdlərdir.
Möhtərəm Safvet Senihin Azərbaycan dilinə tərcümə edilən “Şüpheler üzerine” adlı bu mükəmməl əsəri insanların qarşılaşdıqları sual və şübhələrə qaneedici cavablar verir. “Şühbələr və cavabları” adı ilə tərcümə edilən bu kitabda tərcüməçi əsərin dilinə və yazı metoduna sadiq qalmağa çalışmışdır.Lakin bununla yanaşı oxucuların qarşılarına çıxan bəzi xətaları təbii qəbul edəcəyinə ümid
edirik. İlahiyyat
elmləri namizədi Namiq Abuzərov
Şübhələr və Cavabları Şübhə və tərəddüd oyatma geniş yayılmış bir
xəstəliyə çevrilir. Ən düzgün, ən sabit həqiqətlərin
ətrafında belə bir sıra tərəddüdlərin dolaşdığının
şahidi olmaq mümkündür. Doğruların əyri, əyrilərin
doğru ola biləcəyi xəyalına qapılır və bunu edərkən
də elmi əsasların qorunduğunu irəli sürürlər. Elmi məsələlərdə bu cür fərqli ehtimalları irəli
sürmək, təhlil etmək çox əhəmiyyətli olsa da, dinin
və din baxımından müqəddəs sayılan prinsiplərin eyni
kriteriyalardan keçirilməsinin mənəviyyatlarda
sağalmaz yaralar açacağı da yaddan çıxarılmamalıdır. Şübhənin düşüncənin formalaşmasındakı rolu
inkaredilməzdir. Lakin bunu ümumiləşdirmək və
vərdişə çevirmək uzaq keçmişə aid bir sistemə
qayıtmaq deməkdir ki, bu da düşüncədə bir köhnəlik
sayılır. İsbat edilməmiş və tam mənası ilə aydın olmayan
məsələlərdə tərəddüd və nəticə etibarilə, fikir
ayrılıqlarının olması normal haldır. Lakin
təcrübədən keçmiş və müşahidə ilə də
qüvvətləndirilmiş xüsuslarda şübhəyə düşmək
rasionalizmin (hər şeyi ağılla izah etmə) öz-özü ilə
ziddiyət təşkil edir. Təəssüf ki, hər biri öz sahəsində çoxsaylı müşahidə
və sınaqlardan çıxmış bir çox həqiqət hiss və
mühakiməni inkar edən bəzi dardüşüncəli insanlar
tərəfindən ağlasığmaz, qeyri-məntiqi, təcrübəyə zidd
göstərilərək rədd edilməkdədir. Bu rədd və inkarın oxuyan və oxuduğunu başa düşən
insanlar üçün əsilsiz və səthi olduğu düşünülə bilər.
Lakin bu mövzularda məlumatı və savadı az olan
insanların çoxu üçün ciddi təxribat və sarsıntılara
səbəb olacağı da unudulmamalıdır. Bu səbəbdən
xalqını, insanlığı sevən hər kəs bu cür insanlara
onların düşüncə və qənaətlərini düzəltmək məqsədi
ilə əl uzatmalı və yollarına işıq tutmalıdır. Tərəddüd və şübhələr uzaq keçmişdən bəri vardır və
bundan sonra da olmağa davam edəcəkdir. Ancaq insan
duyğu və düşüncəsinin məhsulu olan sistemlərə qarşı
adət halını alan “hər şeyi şübhə və tərəddüdlə
qarşılama” düşüncəsi bütün məsələləri fitri və
təbii olan müqəddəs dinimiz haqqında qətiyyən
yolverilməzdir. Yaxın keçmişimizdə bəzi inkişaf etmiş ölkələri
texnika və sənayesi ilə nümunə götürən millətlər
onun küfr və dinsizliyinə də heyran olur, onların
təsiri altına düşürdülər. Bu isə maddi və mənəvi
gücünü itirən islam aləmində bəzi dindən bezmiş və
hər şeyə şübhə ilə yanaşan insanların
formalaşmasına səbəb olurdu. İslamın zatı
masuniyyəti (Allah (c.c.) tərəfindən qorunduğu
həqiqəti) və hər cür şübhədən uzaq keyfiyyəti
nəzərə alınmadan, xristianlıq üçün ortaya atılan
etiraz və ittihamlarla ona da hücum edilir və təhrif
edilmiş bir sistem üçün verilmiş edam qərarı, ona
da tətbiq edilməyə çalışılırdı. Öz mənsubları
tərəfindən məhv edilmək istənilən uca dinimiz əleyhdarlarının
təcavüzü və mənsublarının cəhaləti ilə baş-başa
qalmışdı. Hər tərəfdə dinin hökmləri ilə bağlı şübhələrdən
bəhs olunur və mənsublarının könlündə minlərlə, yüz
minlərlə şübhə oyatmaq məqsədi güdülürdü. (Haşa)
Allahı kim yaratdı? Peyğəmbəri görməyən insan kafir
olsa, niyə hesaba çəkilsin? Çox qısa ömür sürən
kafirlər niyə əbədi cəhənnəmdə qalsın? Həzrəti
Adəmin övladları bir-biri ilə evləndikləri halda,
indi bacı-qardaş evliliyi niyə qadağandır? Allahın
bizim ibadətimizə nə ehtiyacı var? O, Şeytanı niyə
yaratdı? və s. kimi məsələlər hər müsəlmanın evində,
obasında, məktəbində və iş yerində qarşılaşdığı
suallardan olmuşdu. Artıq hər ocaqda və hər bucaqda ilahiyyata aid ən
dərin məsələlərdə mübahisələr edilir, hətta uca
Yaradanın zəif və fani insani ölçülərə
salınmasına cəhd edilirdi: “Niyə Onu görə bilmirik?
O, hansı səbəblərə əsaslanır?” kimi ağlı başında
olan hər kəsi təəssüfləndirəcək ən cahil iddialar
evdən-evə, kənddən-kəndə dolaşmaqda idi. Digər tərəfdən də bu amansız mənəvi işğala qarşı
çıxan da olmurdu. Qarşı çıxmaq bir tərəfə, zavallı
ziyalılarımız qorxunc bir bəsirətsizliklə bütün
bu olanlara elmi don geyindirir və alqışlayırdı. Bundan daha betəri də, özümüzü ifadə etmə cəsarətini
itirməyimiz, dinimizə, dini dəyərlərimizə sahib
çıxmamağımız və hətta ona mənsub olmağı geri
qalmışlıq saymağımız kimi düşüncələrin təzyiqi
altında olmağımız idi. O dövrdə dinin bir prinsipinə
əməl edən ən böyük mömin və bircə məsələsindən bəhs
edən də ən böyük qəhrəman sayılırdı. Belə insanların
azlığı isə, bütöv bir nəslin məhv edilməsinə səbəb
oldu. İndi isə yenidən özümüzdən və dəyərlərimizdən bəhs
etmə cəhdləri yavaş-yavaş cücərməyə başlayır. Hətta,
bu istiqamətdə bir vaxtlar dinsizliyə
gedildiyindən daha sürətli və geniş miqyaslı bir
canlanma müşahidə olunur. Bu isə dinin yenidən öz
mənsubları ilə bütünləşməsi və ölməzliyini onlara
bir daha anlatması deməkdir. Dünən insanların dinsizliyə sarılıb, küfrü və
ateizmi yaydıqları kimi, indi iman və tövhidi
dastanlaşdıran yüzlərcə qələm sahibi
yaradılışındakı hikmətin haqqını verməyə, əda etməyə
çalışır. Minlərlə, yüz minlərlə əsər Onu axtaran
könüllərə Xızır kimi yetişir və qaranlıq dünyalarını
işıqlandırır. Təəssüf ki, bu əsərlərin bir çoxu bütün təbəqələrin
və xüsusilə, orta məktəblərdə oxuyan şagirdlərin
rahatlıqla istifadə edəcəyi səviyyədə hazırlanmadığı
üçün istənilən faydanı vermir. Yetişən nəsillərin
aydın şəkildə yazılmış qısa, əhatəli və qaneedici
əsərlərə ehtiyacı var. Bu cür əsərlərin ərsəyə
gətirilməsi üçün sahib olduğumuz material və qaynaq
bizi də, bizdən sonrakı nəsilləri də qane edəcək
qədər zəngin və mükəmməldir. Dinin ətrafında əsdirilən şübhələrə qarşı cavab
verilən əsərlərdə bir-iki xüsus çox əhəmiyyətlidir,
bunlardan ən əhəmiyyətliləri olaraq: Cavabların yeni
şübhələr doğurmaması, qəlb və ruhu qane etməsi,
oxucunu yoracaq uzun fəlsəfi mübahisələrə
girilməməsi və izah edilən cəhətləri inanılmış
olması... kimi cəhətləri söyləyə bilərik. İllərdən bəri yüzlərcə tələbə ilə yüzlərlə məsələni
müzakirə edə-edə həzm etdirən və bu xüsusda onların
yolunu işıqlandıran möhtərəm Safvet Senih tərəddüd
və şübhələr haqqındakı bu kitabını qəlb, ağıl və ruh
üçlüyünə əsaslanaraq hazırladı. Kitabda ciddi ağrılar və silinən hər şübhə
qarşısında da qalibiyyət nərələri vardır. Bir təbib
həssaslığı ilə diaqnoz və müalicələrində
yerli-yerində və şəfaverici olduğuna qətiyyən şübhə
yoxdur. Müəllifin min bir vadidən topladığı dəyərli
fikirləri əhatə edən bu kitab araşdırılan məsələlər
baxımından fövqəladə əhəmiyyətə malikdir. S.Senihin bu təqdirəlayiq əsərini gələcək nəsillər
minnətdarlıq hissi ilə yad edəcəklər. Bizlər sadəcə
ona müvəffəqiyyət arzu edir, belə dəyərli əsərlərin
davam etməsi üçün Allahdan yardım diləyirik.
|
|