|
|
|
 |
 |

|
|
DOĞRU YOLUN İŞIĞI
"Xəzər nəşriyyatı” türk-islam aləmində populyarlaşmış 3 yeni kitabı
azərbaycandilli oxuculara təqdim etmişdir. Türklük
şüurunun, islami inancın və bəşəri əxlaqın daşıyıcısı olan hər bir çağdaş
insan üçün maraqlı və dəyərli olan bu nəşrləri — “Müxtəsər elmihal”, “Gül ətirli
hekayələr”, “Şübhələr və cavablar” kitablarını Türkiyə müəllifləri, bu ölkənin
“Rəhbər” və “İşıq” nəşriyyatları ərsəyə gətirmişlər. Hər 3 kitab Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin icazəsi ilə işıq üzü görmüşdür.Osman Bilgenin İslamın
beş təməl şərtinin izahına həsr olunmuş, kütləvi oxucu üçün nəzərdə tutulmuş
“Müztəsər elmihal” kitabının məramı belə açıqlanır: “Maddi sağlamlığımızı
qorumaq üçün tibb elmi çox zəruri bir sahə
sayılsa
da insanlar təbibə ancaq xəstələndikləri zaman müraciət edərlər. Lakin maddi
sağlamlığımızdan daha çox mənəvi sağlamlığa ehtiyacımız vardır ki, bu sahəni
fiqh elmi öz üzərinə götürmüşdür. Bu kitab hər bir müsəlmana gündəlik həyatında
Namaz, Oruc, Zəkat, Həcc və Qurbanla bağlı ən zəruri məlumatları təqdim
edir”.İlahiyyatçı Yücəl Men kitab barədə təəssüratını bizimlə belə böldü:— İslam
Peyğəmbəri (s.) “Elm öyrənmək hər bir müsəlmana fərzdir” buyurur. Bu hədisə
istinad edərək alimlərimiz də müsəlmanların dini mükəlləfiyyətlərini yerinə
yetirəcək, halalla haramı, haqla batili bir-birindən ayıra biləcək qədər bilgi
sahibi olmalarının fərz olduğunu irəli sürmüşlər. “Elm” və “hal” sözlərindən
əmələ gəlmiş “elmihal” sözü bütün müsəlmanların bilmələri fərz olan İslam
dininin müəyyən prinsip və qaydalarından bəhs edən kitablara verilən ümumi addır.
“İnsan nədir, nə üçün yaradılmışdır?”, “Xaliqini necə tanımalıdır?”, “Din nədir?”,
“İslam dininin xüsusiyyətləri, iman əsasları, İslamın təməli olan ibadətlər
hansılardır?”, “İbadətlər yerinə yetirilərkən nələrə diqqət edilməlidir?” kimi
suallar həmişə zehnimizi məşğul edərək bizi bu mövzularla əlaqəli yanlış
məlumatlardan uzaq, qaneedici cavablar axtarmağa sövq edir. Kitabın giriş
hissəsində insanın yaradılış qayəsinin Allaha ibadət və imtahan, dinin də
insanları öz iradə və istəkləri ilə xeyirli işlərə sövq edən ilahi qanunlar
toplusu olduğundan söz açılır. İslam kəlməsinin Allaha təslim olmaq, Onun
əmrlərini yerinə yetirmək, güvənilən və əmin bir yolla səadətə doğru irəliləmək,
dillə də olsa heç kimi narahat etməmək mənasına gəldiyi, İslamın əsasının
Allahın varlığına şəksiz və şübhəsiz inanmaq olduğu ifadə edilir. Yenə bu
bölmədə imanın şərtləri və onları qəbul edən insanın həm bu dünyada, həm də
axirətdə əldə edəcəyi faydalardan bəhs edilir. İkinci bölmədə iman əsasları ilə
əlaqədar ortaya çıxacaq bir çox suala vəhyin rəhbərliyi, ağlın işığı ilə
qaneedici cavablar verilir. Burada təmizlik mövzusu işlənmiş, dəstəmaz və qüsllə
əlaqəli xüsuslar və yerinə yetirilmə şəkilləri də izah edilmişdir. Üçüncü
bölmədə isə Quran və Sünnəyə əsaslanaraq, namaz mövzusu bütün elementləri ilə
işıqlandırılmış, namazın qılınma qaydası şəkillərlə izah edilmişdir. Sonrakı
bölmələrdə müvafiq olaraq İslamın digər fərzləri: Oruc, Zəkat, Həcc və Qurban
ibadətlərinə geniş yer verilmiş, bunlarla əlaqədar suallara cavablar öz əksini
tapmışdır.
Bir ilahiyyatçı kimi kitabın ən çox təqdir etdiyim tərəfi həm iman, həm də
ibadət əsaslarını təfərrüata varmadan xülasə şəklində oxuculara təqdim etməsi,
ağla gəlməsi ehtimal olunan suallara və aktual məsələlərə Quran və Sünnəyə
əsaslanan qaneedici cavablar verməsi, dəstəmazın alınmasını, namazın qılınmasını
şəkillərlə göstərib öyrənilməsini asanlaşdırması, qısa surələrin ərəb dilini
bilməyənlər üçün transkripsiyaları ilə birlikdə verməsidir.
Kamal Turanın müqəddəs “Quran”da əksini tapmış, Məhəmməd peyğəmbərin (c.) həyatı
və mühitindən götürülmüş fakt və hadisələr əsasında, doğru yol axtarışında olan
yeniyetmə və gənclər üçün ibrətli söyləmələr şəklində qələmə aldığı “Gül ətirli
hekayələr” kitabı da eyni məramı izləyir: yaradılışın mahiyyətini anlamaq,
cəmiyyətdə imanlı, elmli və gərəkli insan olmaq. Müəllif ön sözdə niyyətini belə
açıqlayır: “Hər təbəqədən olan insanın oxuyub çox asanlıqla anlayacağı bir mətn
şəklinə gətirməyə çalışdığımız hədis hekayələrinin hər birinin sonunda buna
bağlı çıxarılan nəticə və ibrətlər də maddələr halında bildirilmişdir”.Kitab,
həqiqətən, gül qədər ətirli, maraqlı hekayələr toplusundan ibarətdir. Hər kəsin
öz dünyasına aid çox məsələyə rast gələcəyi bu hekayələr geniş kütləyə xitab
edir. Hekayələr oxunduqca həm yeni dünyalara qapı açılır, həm də bu dünyanın
gözəlliklərini öz həyatımızda əks etdirmək şövqü oyanır. Bütün hal və əməlləri,
əsrarəngiz hikmətləri ilə hər kəsə nümunə olan bu böyük insanlarla bağlı hadisə
və əhvalatlar oxucuya örnək olur, fərqinə varmadığınız məsəllərə yenidən hikmət
gözü ilə baxmaq imkanı yaranır. Safvet Senihin “Şübhələr və cavabları” gündəlik
həyatımızla, bizi əhatə edən aləmlə bağlı bir çox sualları cavablandırır, şübhə
və tərəddüdlərin qaranlıq və dolaşıq yollarını aydınlıqda və rahat ötüb
keçməyimizə kömək edir. “Madam ki, Allah heç nəyə möhtac deyil, onda nə ehtiyacı
vardı ki, kainatı yaratdı?”, “Bəs şeytanın nə faydası var? Onun yaradılışı
əleyhimizə deyilmi?”, yaxud “Kainatdakı xoşagəlməz hal və şərtlər haqqında nə
deyirsiniz?” kimi şübhəli suallar müqəddəs kitabların hikmətinə və elmin
məntiqinə uyğun cavablandırılır. İlahiyyat elmləri namizədi Namiq Abuzərov
kitabın tərcüməsinə ön sözdə bildirir ki, Safvet Senihin bu mükəmməl əsəri
insanların qarşılaşdıqları sual və şübhələrə qaneedici cavablar verir.Bu
kitablarla tanışlıqdan sonra düşünürsən: nə yaxşı ki, son illər başqa sahələrdə
olduğu kimi, milli-mənəvi kökümüzə qayıdışla bağlı məsələlərdə də ciddi və
təqdirəlayiq bir canlanma müşahidə olunur. Tariximiz, ədəbiyyatımız, dilimiz,
dinimiz, milli-mənəvi dəyərlərimiz barədə əsərlər yazılır, tədbirlər keçirirlir,
tədqiqat işləri aparılır. Mənəvi dəyərlərimizi öyrənmək, qoruyub gələcək
nəsillərə çatdırmaq bugünkü nəslin öhdəsinə düşən zəruri məsələlərdən biridir.
“Xəzər” nəşriyyatı bu mənəvi borcun, elmi-mədəni vəzifənin yerinə yetirilməsi
yönündə dəyərli təşəbbüs göstərir, Azərbaycan oxucularının ruhi-zehni tələbatını
cavablandırmağa çalışır. İnanırıq ki, ilk 3 kitab tezliklə öz oxucularını
tapacaq, onların qəlbini nurlandıracaq, həyat yoluna işıq salacaq.
R.TAHİR, “Xalq qəzeti” |
|
|
|
 |
|
|
|
|
|
|
|