Z a m a n
                                                                            “Dinimizi Öyrənənlərə Dəyərli Töhvə
”Xəzər nəşriyyatı” MMC tərəfindən yeni çapdan çıxmış “Müxtəsər elmihal” kitabı dinimizi öyrənmək istəyənlər üçün çox dəyərli bir mənbədir.  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə çap olunmuş kitabın ön sözünün müəllifi və elmi redaktoru məşhur Əl-Əzhər Universitetinin məzunu Qafar Ocaqlıdır. “Giriş”də insan və onun mahiyyətindən, yaradılış səbəbindən, dinin həyatımızdakı mövqeyindən, İslamın insan fitrəti ilə uyğunluğundan bəhs edilir. Kitab 7 əsas bölmədən ibarətdir: imanın əsasları; həddi-büluğa çatmış müsəlmanın vəzifələri və təmizlik; namaz; oruc; zəkat; həcc; qurban. Kitabın dili sadə, anlaşıqlıdır. İlk baxışdan kitab üzərində professional bir heyətin çalışdığı anlaşılır. Həyatımızın ən müxtəlif sahələri ilə bağlı rast gəldiyiniz suallara bu kitabda cavab tapa bilərsiniz. 

Əhməd İsmayıllı, "Zaman"

   
   
   
   
 
 
Z a m a n
                                                                           "Həs kəs öz sahəsinin tarixinə töhfə verməlidir”
Yəqin ki, xatırlayırsınız. Bir müddət öncə qəzetimizin - “Zaman Azərbaycan”ın səhifələrində Türk dünyasının tarixində iz qoymuş şəxsiyyətlər barədə materiallar dərc olunmuşdu.  Qafqaz Universitetinin hüquq fakültəsinin dekanı, siyasi elmlər namizədi Rəha Yılmazın təqdim etdiyi və qəzetimizin müxbiri Əziz Mustafa tərəfindən dilimizə uyğunlaşdırılan həmin silsilə yazıları oxucularımız maraqla qarşılamışdılar. Bu günlərdə Rəha Yılmaz həmin materialları kitab halına gətirməklə oxucu marağının onun üçün böyük önəm kəsb etdiyini bariz şəkildə ortaya qoyub. “Xəzər” nəşriyyatında çap olunmuş “Tariximizdə iz qoyanlar” adlı həmin kitabda türk dünyası tarixində iz qoymuş 14 şəxsiyyətin (Mete xan, Bilgə xaqan, Əbu Reyhan Biruni, Abdulkərim Satuk Buğra xan, Yusif Xas Hacib, Mahmud Kaşğarlı, Sultan Mahmud Qəznəvi, Alparslan, Nizamülmülk, Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Şəms Təbirzi, Mövlanə Cəlaləddin Rumi, Molla Nəsrəddin) həyat və fəaliyyətləri barədə ətraflı məlumatlar verilib. Müəllif həmin şəxsiyyətlərin hər birinə aid indiyədək çap olunmuş müxtəlif ədəbiyyatdan səmərəli şəkildə faydalanmaqla yanaşı, özünün gəldiyi nəticələrlə həmin materiallara bir şirinlik gətirməyə müvəffəq olub. Bu mənada “Tariximizdə iz qoyanlar” kitabının yaşından asılı olmayaraq, hər kəs üçün maraqlı olacağını demək olar. Onu da qeyd edək ki, həmin şəxsiyyətlər haqqında belə geniş materialallar Azərbaycan oxucusuna ilk dəfə geniş şəkildə çatdırılır. Xatırladaq ki, bu, Rəha Yılmazın işıq üzü görmüş beşinci kitabıdır. Müəllif bizimlə söhbətində bu kitabında XV əsrə qədər tariximizdə iz qoyanlara yer ayırdığını dedi: “Daha 3 belə kitab ərsəyə gətirmək niyyətindəyəm. Həmin kitablarda bu günümüzə qədər tariximizdə önəmli rol oynamış hər bir şəxs barədə müxtəlif mənbələrə, eləcə də öz araşdırmalarıma əsasən, geniş oxucu kütləsi üçün maraq doğuran məlumatlar verməyə çalışacağam”. O, özünün tarixə olan marağını isə belə izah etdi: “Bütün bunların araşdırılmasını yalnız tarixçilərdən gözləmək doğru deyil. Mənə elə gəlir ki, hər kəs öz sahəsinin tarixi ilə maraqlanmalı və imkanı daxilində tariximizə öz töhfəsini verməlidir”. “Bəs həmin şəxsiyyətlərdən hansı haqqında roman, povest qələmə almaq niyyətindəsiniz?” sualımızı isə Rəha Yılmaz belə cavablandırdı: “Sözün düzü, bədii əsər yazmaq barədə düşünmürəm. Amma mənə belə gəlir ki, şair və yazıçılarımız bu topladığım faktlardan istifadə edərək tarixi romanlar, dram əsərləri ortaya qoya bilərlər”.
                                                                                                                                                           Qvami  Məhəbbətoğlu "Zaman"  
   
   
   
   
 
 
Z a m a n
               Ailənizin xoşbəxt bir yuva olması üçün
Sümeyra Irmakın “Xəzər” nəşriyyatı tərəfindən çap edilmiş “Xoşbəxt bir yuva üçün” kitabında toplanmış yazıların, demək olar ki, hamısını hələ qəzet səhifəsində oxumuşam. Sümeyra xanımın hər yazısı bir oxucu kimi mənim üçün çox dəyərlidir. Etiraf edim ki, 15 illik jurnalistika həyatım boyunca imzasını səbirsizliklə gözlədiyim çox az yazar var ki, onlardan biri də elə Sümeyra Irmakdır. Bu xanım bütün yazıları ilə milli-mənəvi dəyərlərimizin xidmətindədir. Bu gün gəncliyimizin itirməkdə olduğu mənəvi sərvətlərimizi Sümeyra xanım gündəmə gətirir və hər unudulan bir adətlə mənəvi zənginliklərimizin bir az da soluxşadığını söyləyir. Kitabda toplanmış məqalələrin, demək olar ki, hamısı ailə-məişət münasibətlərindən bəhs edir. Xoşbəxt bir ailənin ilkin şərtləri, uşaq tərbiyəsi, kasıb da olsa bir süfrəyə düzülən sevgi və xeyir-bərəkət nemətləri, həyatı gözəlləşdirən amillər, ailə üzvlərinin qarşılıqlı fədakarlığı, sevgisi, dualarla zənginləşən könüllər... Bütün bu saydıqlarımız Sümeyra xanımın yazılarında ən gözəl və parlaq boyalarla əks olunur. O, bizim görüb fərqinə varmadıqlarımızı bizə göstərir, adi deyib üstündən keçdiyimiz ən kiçik məsələlərdə belə, yeni dünyalar açır, yeni mənalar göstərir bizlərə. Çünki Sümeyra xanım bütün yazılarını da, duyğularını da ən gözəl və ən doğru qaynaqdan alır. Sümeyra xanım o mənbələrə əsaslanır ki, onların sarsılması mümkün belə deyil. Dövran dəyişər, dəb dəyişər, insanların geyim-kecimi dəyişər, danışıq tərzi, müraciət formaları dəyişər, amma bizim həyatımızın onurğasını təşkil edən dəyərlərimiz dəyişməzdir, əbədidir. Sümeyra xanım da məhz həmin dəyişməz, əvəzolunmaz dəyərləri öz kitabında ən gözəl şəkildə oxuculara çatdırıb. Bu dediklərimi isbat eləmək üçün əlimdə tutduğum kitabdan onlarla örnək gətirə bilərəm. Amma elə bilirəm ki, dəyərli oxucularımızın bu kitabı əvvəldən axıradək oxuyaraq müəyyən nəticəyə gəlmələri daha doğru olar. Sümeyra xanımın “Xoşbəxt bir yuva üçün” kitabı daha çox yeniyetmə qızlarımızın, gənc analarımızın istifadəsi üçün nəzərdə tutulub. İnanırsan ki, bu kitabdan öyrəndiklərini həyatına tətbiq edən hər bir kəs özü üçün o xoşbəxt yuvanı qura bilər. Təbii ki, hər şey bizim çalışmağımızla başa gəlmir. Nəhayətdə, qisməti verən Allahdır. Amma insan bir şeyə nail olmaq istəyirsə, boynuna düşən vəzifələri, lazım olan şərtləri yerinə yetirməlidir. Sümeyra xanımın bu kitabındakı yazılar da insanın xoşbəxt olması üçün yerinə yetirilməli olan vəzifələrin bir resepti kimi ardıcıllıqla düzülmüşdür. Müəllifi bu maraqlı və gözəl kitab üçün təbrik edir və oxucuların ondan faydalanmasını arzulayırıq.
                                                                                                                                                           Yeganə Məmmədova, "Zaman"